Paylaş
Facebook Twitter Google+

İstiğfar etmək, namazı vaxtıda qılmaq, Quran oxumaq, oruc, salavat – Rəcəb ayında bunları fürsət bilək!

Ramal Əmiraslanov

2019-03-11 07:46:30 2217 Məqalələr

Həzrət Peyğəmbər (s) buyurur: “Rəcəb ayı - İlahi rəhmətin yağdığı aydır. Allah bu ayda Öz rəhmətini bəndələrinə endirər”. (Tebyan)

Keçən ilin Ramazan ayından indiyə qədər ruhumuz günah yükündən belini əymiş və qurumuşdur. Ona görə də Rəcəb ayı bu günahları yumaq üçün bir fürsətdir. Bu yolla Ramazan ayına daxil olmağa hazırlaşarıq. Ramazan ayı elə bir ziyafətdir ki, müqəddimə istəyir, hazırlıq istəyir. Biz onun əzəmətini olduğu kimi dərk edə bilmirik. Ancaq əgər İlahi övliyaların həyatına nəzər salsaq, görərik ki, onlar Rəcəb ayı başlayandan Ramazan ayı üçün tədarük görərdilər.

Rəcəb ayının fəziləti bizlər üçün ola bilsin ki, aydın olmasın, lakin əziz Peyğəmbərimizdən (s) gələn hədisə nəzər salan zaman bu ayın fəzilətlərini dərk etmək olur.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah yeddinci səmada bir mələk qərar vermişdir ki, ona carçı deyərlər. Rəcəb ayı gəlib çatan zaman həmin mələk gecənin əvvəlindən səhərə qədər car çəkər: “Xoş olsun Allahı yada salanların və zakirlərin halına! Xoş olsun itaətkarların halına!”. Allah Təala buyurur: “Mən o kəsin yoldaşıyam ki, mənim yoldaşımdır. Mən o kəsin mütisiyəm ki, Mənim mütimdir. Mən o kəsin bağışlayanıyam ki, Məndən bağışlanma istəyər. Bu ay - Mənim ayım, bəndə - Mənim bəndəm, rəhmət - Mənim rəhmətimdir. Hər kim bu ayda Məni çağırar, yerinə yetirərəm. Hər kim Məndən bir şey istəyər, ona əta edərəm. Hər kim Məndən hidayət istəyər - onu hidayət edərəm. Bu ayı Özümlə bəndələrim arasında kəndir qərar vermişəm, hər kim ona çəng vurar, Mənə çatar””.

Bu hədisdən göründüyü kimi Rəcəb elə bir aydır ki, bu ayda Allah hacətlərini yerinə yetirər. Ona görə də bu ayda özümüz üçün elə proqram quraq ki, fürsətllərini dəyərləndirə bilək.

Bu ayda yerinə yetirə biləcəyimiz ən yaxşı əməllər hansılardır?

 

1. Tövbə və istiğfar. Yuxarıdakı hədisdə oxuyuruq ki, hər kim Allahdan bağışlanma istəyərsə, Allah onu bağışlayar. Ona görə də bu fürsətdən istifadə edək və günahlarımıza görə istiğfar edək. Bütün il ərzində etdiyimiz qeybətlərə, töhmətlərə, ədalətsizliklərə, yalançılıqlara... görə tövbə edək. Molla Möhsün Feyz Kaşani deyir: “Mükaşifə aləmində gördüm ki, o bəndə ki, Rəcəb ayında tövbə edər, şeytan onun üçün zəncirə vurular. Bir halə gələr və icazə verməz ki, şeytan ona tərəf getsin. Çünki bəndə Rəcəb ayında tövbə etmişdir”.

 

2. Namazı əvvəl vaxtda qılmaq. Necə ki, Allah Təala bu mübarək ayın əvvəlindən bizlərə çar çəkən mələyi vəzifələndirər, biz də azan səsini eşidən kimi namaza dayanaq və namazımızı qəlb hüzuru ilə qılmağa çalışaq. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: “Mən üzərimə götürmüşəm ki, əgər bəndəm namazı vaxtında yerinə yetirsə, ona əzab vermərəm. Onu hesab vermədən behiştə apararam””.

 

3. Quran oxumaq. Bəziləri elə güman edir ki, Quran oxumaq ancaq Ramazan ayına məxsus bir əməldir. Ramazan ayı bitən kimi də yadımızdan çıxır. Halbuki, Quran oxumaq həmişə lazımlıdır və onun nə qədər bərəkətləri vardır. Gəlin bu gündən Allahımızla əhd bağlayaq ki, hər gün Quran oxuyacağıq.

 

4. Rəcəb ayının orucu. İmam Rza (ə) buyurur: “Hər kim Rəcəb ayının ilk gününü İlahi savaba meyl göstərərək oruc tutarsa, behişt ona vacib olar. Hər kim Rəcəb ayının ortasında bir gün oruc tutarsa, Rəbiyə və Məzər (cəmiyyəti çox olan iki tayfa) kimi şəfaət edər. Hər kim onun axır günlərində bir gün oruc tutarsa, Allah onu behişt əhlindən qərar verər və yaxınlarına, qonşularına və tanışlarına görə etdiyi şəfaəti qəbul edər, baxmayaraq ki, aralarında cəhənnəmə layiqli insanlar olsa belə”.

 

5. Salavat göndərmək. Salavat elə bir zikrdir ki, onu demək çox tövsiyə edilir. Bu ayda həmin zikrin savabı iki bərabərdir. İmam Kazım (ə) buyurur: “Rəcəb böyük bir aydır ki, Allah yaxşılıqları onda ikiqat edər və günahları pak edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizin mənə salavat göndərməyiniz dualarınızı yerinə yetirər və əməllərinizin zəkatıdır”./Deyerler.

Bənzər Olanlar