Paylaş
Facebook Twitter Google+

Haramdan qaçaraq, halal ruziyə sahib oldu!

Ramal Əmiraslanov

2018-10-18 07:58:40 1419 Məqalələr

   Həzrət Peyğəmbərin (s) zamanında Mədinədə bir kişi yaşayırdı. Gecələri oğurluq edir və gündüzləri isə saleh insan qiyafəsi geyinirdi. Bir gecə evlərin damına çıxır və dörd otağı və içərisi avadanlıqla dolu olan bir evə gəlib çıxır. İçəridə isə bir qadın görür ki, təkbaşınadır. Öz-özünə fikirləşir ki, bu gecəki süfrəm iki bərabər olacaq: həm evi oğurlayacağam, həm də qadını. Elə bu fikirdə idi ki, Allahın mərhəmət qığılcımlarından biri onu da vurur və özünə gəlir. Bir anlıq Qiyaməti düşünür və öz halı gözünün önünə gəlir. Bu fikirlə evin divarından aşağı düşür və deyir: “Mənim Mövlam! Mən hər gecə oğurluğa gedirdim və insanların malını qarət edirdim. Ancaq bu gecə Sən mənim fikrimi dəyişdirdin”. Gecəni səhərə qədər çox peşmanlıq çəkir.

Səhəri məscidə gəlir. Bir nəfər Həzrət Peyğəmbərə (s) deyir ki, bir xanım gəlib, sizinlə işi var. Peyğəmbər (s) buyurur ki, məscidə daxil olsun. Qadın gəlir və deyir: “Atam və anam ölübdür. Evimin bir neçə otağı vardır və hər biri də avadanlıqla doludur. Ancaq ərim də ölübdür. Dünən gecə bir kölgə gördüm və zənn etdim ki, oğrudur. Mənim dərdimə çarə edin”. Peyğəmbər (s) buyurur: “Çətinliyin nədir?”. Deyir: “Bu gecə o evdə tək qalmaqdan qorxuram. Əgər kiminsə arvadı yoxdursa, məni onunla nikahlayın”. Peyğəmbər (s) üzünü insanlara çevirir və həmin oğrunu görüb buyurur: “Arvadın var?”. Oğru deyir: “Yox”. Buyurur: “Evlənmək üçün pulun var?”. Arvad səslənir ki, mənə heç nə lazım deyildir. Peyğəmbər (s) buyurur: “Ağa, bu xanımı istəyirsən?”. Oğru deyir: “Necə buyurursunuzsa, elə olsun”. Peyğəmbər (s) onların nikahını kəsir və həmin kişiyə deyir: “Gözləmə, xanımının əlindən tut və get”. Bir yerdə həmin evə gedirlər. Oğru otaqlara nəzər salıb ağlayır və arvadına deyir: “Xanım, dünənki oğru mən idim və Allah rizası üçün sizdən keçmişdim. Ancaq Allah mənə bu cür mərhəmət etdi”./Deyerler

 

Bənzər Olanlar