Paylaş
Facebook Twitter Google+

Bizi Allahdan uzaqlaşdırmaq istəyən dörd qorxulu düşmən!

Ramal Əmiraslanov

2019-07-08 06:44:06 565 Məqalələr

 Ətrafımızda daim bizi rəngarəng tələləri ilə Allahdan uzaqlaşdırmaq istəyən qorxulu düşmənlərin təhlükəsi var. Bu düşmənlər aşağıdakılardan ibarətdir:

1. Nəfs:

Peyğəmbəri-Əkrəm (s) buyurur: “Ən inadkar düşmən insanın öz şəhvani və şeytani istəkləridir. Bu istəklərlə məşğul olmaq ilahi yaxınlıq məqamından uzaqlaşmağa səbəb olur.” (“Biharul-ənvar”, c.67, səh.36.)

Rəyasət sevgisi buna bir misaldır və məsum rəhbərlərimiz bizə bu barədə xəbərdarlıq etmişlər: “Rəyasət məhəbbəti, sadiq insanların düşüncəsindən uzaqlaşan axırıncı şeydir.” (“Nəhcül-bəlağənin şərhi”, İbn Əbilhədid, c.22. səh.181.)

Çünki insan xalqın ona hörmət etməsini, adının hər zaman hörmətlə çəkilməsini və ictimai ünvan sahibi olmasını istəyir. Bütün bu cazibələrdən qaçıb Allaha üz tutmalıyıq. Bu qaçışın yüksək və ya ahəstə sürətlə olması bizi özünə tərəf çəkmək istəyən düşmənin qüvvəsindən asılıdır. Psixologiyada deyilir: “İnsanda gizli qüvvələr var. Təhlükə hiss etməyincə, bu qüvvələr məxfi qalır.” Bir çox hallarda özümüzün də bu qüvvələrdən xəbərimiz olmur. Lakin güclü düşmən tərəfindən təqib olunarkən qaçıb qurtulmaq üçün bütün qüvvəmizi işə salırıq.

Böyük günahlar və haram işlərdən əlavə, bəzən halal nəfsani istəklər də kamilliyə mane olur.

Ayətulllah Misbah Yəzdi deyir ki, təzəcə evlənmişdim. Böyük şəxslərdən biri öz kiçik şagirdini yoxlamaq üçün bizə gəldi. Onun üçün şirni gətirdim. Şirnidən azacıq yeyib mənə belə buyurdu: “Bu şirni quşun ayağına bağlanmış və onun uçmasına mane olan bir daşa bənzəyir.” Mənə anlatmaq istəyirdi ki, bəzən halal işlər də uca kamilliklərə çatmağın qarşısını alır. Dünyanın halal ləzzətləri insanı hərəkətdən saxlayır. Haram və günaha gəldikdə isə, bunlar insanı cəhənnəmin dibinə sürükləyir. Gəncliyinin ilkin dövrlərini yaşayan və çirkin nəfsani sifətlərə aludə olmayan gənclər çalışmalı və halal olsa belə nəfsani istəklərlə mübarizə aparmalı, müstəhəbləri yerinə yetirib nəfslərini cilovlamalıdırlar. Gənclər gəncliyinin qədrini bilməlidirlər. Onlar öz iradələri ilə bir çox işlər görə bilərlər.

2. Cin şeytanlar:

Qurani-Kərimin “Sad” surəsinin 82-ci ayəsində buyurulur: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların hamısını azdıracağam.”

Bu ayəyə əsasən, şeytan bizim and içmiş düşmənimizdir. Bu mövzu bir atalar sözü formasını almışdır. Şeytanın bütün Adəm övladlarını azdırmaq üçün içdiyi and böyük bir anddır.

3. Şeytan törəmələri:

Qurani-Kərimin “Əraf” surəsinin 27-ci ayəsində buyurulur: “Şeytan və onun camaatı sizi onları görə bilmədiyiniz yerlərdən görürlər.”

Bu ayəyə əsasən, şeytanın törəmələri və onun ətrafındakılar cinlərdən olan şeytanlardandır. Onlar öz səngərlərindən bizləri görən düşmənlərimizdir. Lakin biz onları görmürük və haradan atəş açdıqlarını bilmirik. Buna görə də, onların atəşlərindən gizlənmək və münasib cavab vermək bizim üçün çətindir.

4. İnsan şeytanlar:

Qurani-Kərimin “Ənam” surəsinin 112-ci ayəsinə əsasən, cin şeytanlar Adəm övladlarından şagirdlər yetişdirirlər. Bu şagirdlər onlardan geri qalmır və bəzən daha qüvvəli olurlar. “Nas” surəsində buyurulur: “De ki, pənah aparıram insanların Rəbbinə... cinlər və insanlardan.” (“Nas”, 1 və 6.)

Demək, cin və insandan olan şeytanlar, şeytanın törəmələri və insanın nəfsi daxildən və xaricdən daim bizi təqib edən inadkar düşmənlərdir. Bu düşmənlər müxtəlif şəkillərdə, müxtəlif hiylələrlə bizləri vəsvəsə edirlər. Unutmamalıyıq ki, bu düşmənlərin hədəfindəyik. Günah üçün zəmin yaranarkən onların qurduqları tələyə yaxınlaşdığımızı bilməliyik. Yolda bir torba qızılla oğru ilə qarşılaşan tacir düşməndən qaçdığı kimi, biz də öz düşmənlərimizin şərindən Allaha doğru sürətlə qaçmalıyıq. (“Münacatın əzəməti”, Ayətullah Misbah Yəzdi, səh.14-16.) Maide.Az

Bizi Allahdan uzaqlaşdırmaq istəyən dörd qorxulu düşmən

Bənzər Olanlar