Paylaş
Facebook Twitter Google+

Allaha doğru günahlarımızın bağışlanması üçün hansı birinci addımı atmalıyıq?!

Ramal Əmiraslanov

2019-07-22 10:01:17 1573 Məqalələr

    -- Həqiqətən, mömin öz günahını böyük bir qayaya oxşadır və ...

Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur:

إِنَّ الْمُؤْمِنَ لَيَرى ذَنْبَهُ كَأَنَّهُ تَحْتَ صَخْرَة يَخافُ أَنْ تَقَعَ عَلَيْهِ وَ إِنَّ الْكافِرَ لَيَرى ذَنْبَهُ كَاَنَّهُ ذُبابٌ مَرَّ عَلى اَنْفِهِ.

“Ey Əbuzər! ...Həqiqətən, mömin öz günahını böyük bir qayaya oxşadır və qorxur ki, onun üstünə aşsın. Kafir isə öz günahını burnunun üstündən uçub keçən bir milçəyə bənzədir.” (“Biharul-ənvar”, 77-ci cild, səh.74-91, bölüm 4, hədis 63; “Əmali”, Şeyx Tusi, 2-ci cild, səh.138.)

Ömrün qədrini bilməyin ilkin yolu və Allaha doğru atacağımız ilk addım günahdan qorunmaqdır. Çünki insan ömrünün dəyəri onun günahdan nə dərəcədə pak olmasındadır.

İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında belə deyir:

اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّد وَ الِ مُحَمَّد... و عَمِّرْنى ما كانَ عُمْرى بِذْلَةً فى طاعَتِكَ فَاِذا كانَ عُمْرى مَرْتَعاً لِلشَّيْطان فَاقْبِضْنى إِلَيْكَ قَبْلَ أَنْ يَسْبِقَ مَقْتُكَ إِلَىَّ أَوْ يَسْتَحْكِمَ غَضَبُكَ عَلَىَّ

“İlahi! Muhəmməd və ali-Muhəmmədə salavat göndər... Sənə bəndəlikdə sərf olunacaq zamana qədər ömrümü uzun et. Elə ki, ömrümü şeytana otlaq yeri gördün, mənə acığın tutmasın, qəzəbinə düçar olmamış ruhumu canımdan al.” (“Məfatihul-cinan”, səh.1106.)



Günah nə qədər kiçik olsa belə, insanı məhvə aparır. Hətta insan nə qədər ibadət etmiş olsa belə, bir günahla savabını atəşə çəkir. Bir kəs ibadət əhli olmaqla yanaşı həm də günah iş tutarsa, kisəsi deşik adam kimi olar; kisənin içinə bir tərəfdən pul, ləl-cəvahirat qoyar, o biri tərəfdən çölə tökülər. Ya da xırman toplayan əkinçi kimi bütün zəhmətinə bir kibritlə od vurub külə döndərər. Çünki günahlar əməl xırmanımıza düşən qığılcım kimidir.

Deməli, ilk addımda günahları tanımalı və onlara bulaşmaqdan özümüzü qorumalıyıq. Əgər Allah eləməmiş bir günaha mürtəkib olsaq tövbə etməli, daha sonra Allahdan yardım diləməli və övliyalara təvəssül etməklə çalışmalıyıq ki, bir daha günaha aludə olmayaq.

İnsan elə-belə, məqsədsiz günahın dalınca düşmür. Yəqin ki, günahda bir ləzzət, şirinlik, cazibə var ki, insan da ona bulaşır. Düzdür, bu cazibələr xəyali və şeytani vəsvəsələrdir, lakin necə olsa da, insan günahda bir cazibə, şirinlik görür ki, ona meyil edir. İnsan nə etsin ki, Allahın inayəti ona şamil olsun və günahdan özünü saxlaya bilsin, günahla üzləşəndə müqavimət göstərə bilsin.



Özünü günahdan gözləməyin ən yaxşı yollarından biri, günahın zərər və böyüklüyünü dərk etməkdir. İnsan günahın ötəri ləzzətlərinin doğurduğu xətər və ziyanı qabaqcadan görməli, həmçinin günahın həm bu dünya, həm də axirəti bərbad etdiyini bilməlidir.

Möminin xüsusiyyətlərindən biri də, günaha olan xüsusi baxışıdır və bu baxış ona günaha mürtəkib olmasına mane olur. Mömin insan üçün günah hər zaman onun başına uça biləcək böyük bir daş kimidir. Bir balaca haqq yolunda ayağının büdrədiyini və günaha batdığını bilsə, nəticədə hansı cəzaya məruz qalacağından dəhşətə gəlir. Bu baxış onun düşüncəsinə elə təsir edir ki, daim vicdanını günah əleyhinə üsyana təhrik edir və bir vaxt günaha batmış olsa, üzrxahlıq edib tövbəyə üz tutur. Başının üstündə böyük bir daşın sallandığını görən adam kimi, daim onun başına uçacağı qorxusu ilə yaşayır. Yəni bu insanın ruhu o qədər pak olur ki, hər günahın qarşısında əks-təsir göstərir və daim öz nəfsini danlayıb, onu öz yerində oturtmağa çalışır. Bu mübarizədə, hətta yuxusuna, rahatlığına belə acılar çəkdirir.

Əksinə, öz fitrətini günaha bulaşdırmış kafir, zalım və ədalətsiz insan əsla günah qarşısında narahatlıq hissi keçirmir. Onun nəzərində günah burnunun üstündən uçub-keçən milçək kimidir.



Qurani-Kərim və rəvayətlərin nəzəri bir tərəfə, həm də psixoloji cəhətdən bu mövzu bir həqiqətdir ki, hər hansı xoşagəlməz bir işin təkrarı onun pis olması fikrini aradan aparır və nəticədə, bu insana zövq verən bir işə çevrilir. Bu cür insan artıq günah etməkdən utanıb çəkinmir. Əgər bir günah daim təkrarlanarsa, ona qarşı olan mənfi münasibətlər də aradan gedir və daha bu günahdan utanmağa bir yer qalmır.

Buradaca insanın daha çox iman, yoxsa küfr xəttinə yaxın olmasını aşağıdakı kimi müəyyən etmək olar. İnsan günahla qarşılaşdığı zaman bunun müqabilində göstərdiyi əks-əməlin necə və hansı səviyyədə olmasını araşdırmalıdır. Əgər günahın (günaha batıb-batmamağın) onun üçün o qədər də əhəmiyyət daşımadığını və ona etina etmədiyini müşahidə edərsə, küfr yolunda addımladığını bilməlidir. Çünki günahdan peşmançılıq hissi duymaq imandan gəlir və ona etinasız yanaşmaq isə küfrün məhsuludur. İmanın xarakterik cəhətlərindən biri budur ki, əgər şəhvət və qəzəb qüvvəsi üstələsə və insanı günaha batırsa, həmin şəxs fasiləsiz olaraq peşman olur. Əgər belə bir halı özümüzdə görməsək, qorxulu bir yolda addımladığımızı anlayıb işin aqibətindən qorxmalıyıq! (“Rəhe-tuşe” – Axirət azuqəsi, 1-ci cild, Ayətullah Misbah Yəzdi, səh. 93-99.)  (Maide.Az)

 ALLAHA DOĞRU ATACAĞIMIZ İLK ADDIM

Bənzər Olanlar