Paylaş
Facebook Twitter Google+

HARAM TİKƏ, YƏNİ AŞURA FACİƏSİNİN TƏKRARINA HAZIRLIQ!

Ramal Əmiraslanov

2019-07-10 07:42:03 505 Məqalələr

Peyğəmbəri-Əkrəmdən (s) sonra əksər müsəlmanlar qəflət yuxusuna getdilər. O həzrətin Əhli-beytinin (ə) haqq olmasını bildikləri halda, onlara yardımçı olmaqda səhlənkarlıq etdilər, öz sükutları ilə zülmkarlarla bir olub, batil əhlinə mədəd göstərdilər. Qurani-Kərimdə o dönəmdəki cəmiyyətin irticada qalması üçün iki amil irəli sürülür: 1. Allahı zikr və yad etməkdə səhlənkarlığa yol verdilər; 2. Şəhvani hisslərə uyaraq dünya malına aldandılar. “Məryəm” surəsinin 59-cu ayəsində buyurulur:

فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضاعُوا الصَّلاةَ وَ اتَّبَعُوا الشَّهَواتِ فَسَوْفَ یَلْقَوْنَ غَیًّا

“Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (cəhənnəmdəki) “fəyy” dərəsinə düşəcəklər (yaxud, onlar öz əməllərinin cəzasını alacaqlar).”

“Maun” surəsinin 4-5-ci ayələrində buyurulur:

فَوَیْلٌ لِلْمُصَلِّینَ لَّذینَ هُمْ عَنْ صَلاتِهِمْ ساهُونَ

“Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar.”

“Taha” surəsinin 124-cü ayəsində isə ruzinin bərəkətsizliyi, məişət və güzəranın çətinliyi namazın haqqının ödənilməməsi və Allahı yad etməkdə səhlənkarlığın nəticəsi kimi göstərilir. Ayədə buyurulur:

وَ مَنْ أَعْرَضَ عَنْ ذِکْری فَإِنَّ لَهُ مَعیشَةً ضَنْکاً...

“Məni yad etməkdən üz döndərən kəs üçün isə mütləq sıxıntılı həyat (güzəranın darlığı) olacaqdır...”

Birdən belələrinin gəliri çox olsa da, bərəkəti olmaz, qazancları güzəranına yetməz, həmişə sərvətinin az olmasını düşünərlər. Bu isə Allahın vədidir. Çünki Allah yad edilmədikdə, qəlbdə şeytan otraq edər və belə bir insanın dünyaya hərisliyi artar, haram yemək, başqalarının hüquqlarına təcavüz və ümumi əmlakı mənimsəmək onun üçün asanlaşar. Qarın haram malla dolduqda, artıq haqq söz eşidilməz. Bu zaman rəzilətlər fəzilətlərlə, dəyərlər ehtiraslarla dəyişilər və Kərbəla faciəsinin təkranının müqəddimələri görünməyə başlayar.

İmam Hüseynin (ə) önündə duranlar namaz qılır, oruc tuturdular, başqa sözlə, dinsiz deyildilər! Sual budur: Bəs nə oldu ki, Peyğəmbər (s) balasını öldürdülər?

RƏVAYƏTLƏRDƏ HARAM TİKƏNİN TƏSİRİ

Qarına ötürülən bir haram tikə səbəb olar ki, insanın qırx gün namazı qəbul olmasın. Peyğəmbəri-Əkrəm (s) buyurur:

مَنْ أَکَلَ لُقْمَةَ حَرَامٍ لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِینَ لَیْلَة

“Haram tikə yeyən insanın qırx gecə namazı qəbul olunmaz.” (“Biharul-ənvar”, 66-cı cild, səh.364.)

Daha geniş mənada o həzrətdən nəql olunan digər bir hədisdə buyurulur:

الْعِبَادَةُ مَعَ أَکْلِ الْحَرَامِ کَالْبِنَاءِ عَلَى الرَّمْل وَ قِيلَ عَلَى الْمَاءِ

“Haram yeməklə bərabər (yerinə yetirilən) ibadət çınqıl və yaxud su üzərində tikilən ev kimidir.” (“İddətud-dai”, İbn Fəhəd Hilli, səh.154.)

İmam Baqir (ə) buyurur:

إِنَّ الرَّجُلَ إِذَا أَصَابَ مَالًا مِنْ حَرَامٍ لَمْ یُقْبَلْ مِنْهُ حَجٌّ وَ لَا عُمْرَةٌ وَ لَا صِلَةُ رَحِمٍ حَتَّى أَنَّهُ یَفْسُدُ فِیهِ الْفَرْجُ

“Haram mal əldə edənin nə həcci, nə ümrəsi, nə də yaxınlara yaxşılığı qəbul olunmaz və hətta haram mal onun nütfəsində öz təsirini qoyar.” (“Biharul-ənvar”, 99-cu cild, səh.125.)

KƏRBƏLA VƏ HARAM TİKƏNİN TƏSİRİ

İmam Hüseynin (ə) düşmənləri həm namaz qılır, həm də oruc tuturdular, amma nə faydası?! Tarixdə qeyd olunduğu kimi, o həzrət Aşura günü iki dəfə düşmənə moizə etdi. Xarəzmi yazır: “İmam Hüseyn (ə) düşmənin müqabilində ikinci dəfə söhbət edərkən, düşmən ordusu səs-küy salmağa başladı ki, heç kim o həzrətin söhbətini eşitməsin! Bu zaman Həzrət onlara xitabən buyurdu:

وَیلَکُم مَا عَلَیکُم أن تَنصِتُوا إلَیَّ فَتَسمَعُوا قَولِی

“Vay olsun sizin halınıza! Mənim söhbətimi eşitmək üçün niyə sakit qalmırsınız?! Qışqırıb fəryad edirsiniz ki, mənim sözlərimi eşitməyəsiniz?!”

إِنَّمَا أَدْعُوکُمْ إِلَى سَبِیلِ الرَّشَادِ فَمَنْ أَطَاعَنِی کَانَ مِنَ الْمُرْشَدِینَ وَ مَنْ عَصَانِی کَانَ مِنَ الْمُهْلَکِینَ وَ کُلُّکُمْ عَاصٍ لِأَمْرِی غَیْرُ مُسْتَمِعٍ قَوْلِی فَقَدْ مُلِئَتْ بُطُونُکُمْ مِنَ الْحَرَامِ

“Əgər mənə qulaq assanız, sizi hidayət edər, doğru yola yönəldərəm, əgər mənə qarşı üsyan etsəniz, həlak olanların zümrəsinə qatılarsınız. Siz hamılıqla əmrimdən boyun qaçırdınız, sözümə qulaq asmadınız. Çünki qarınlarınız haramla doludur...”

Onların namaz və orucları fayda vermədi, nəticədə İmama (ə) qulaq asmadılar və onun sözlərindən bir şey başa düşmədilər. Nə üçün?

Çünki Kufədən Ömər Sədlə birgə Kərbəlaya gələnlər özləri ilə yemək gətirmişdilər, həmin yeməklərin hamısı müsəlmanlara məxsus olan “beytül-mal”dan – ümumi əmlakdan ayrılmışdı. Onlar Kərbəlada qaldıqları bir neçə gün ərzində, Ömər Səd onlara həmin yeməkdən yedizdirdi. Ömər Səd onları haradan gətirmişdi? Müsəlmanların ümumi əmlakından! Odur ki, onların qarınları haramla doldu. Namaz qılırdılar, lakin yedikləri haram mal qıldıqları namazların təsirli olmasına və onların haqqa yaxınlaşmasına mane oldu! İmama (ə) itaət etmədilər, səs-küy saldılar ki, İmamın (ə) sözlərini eşitməsinlər!

SON SÖZ

Şəhid Məhəmməd Cahanara necə də gözəl demişdir: “Uşaqlar! Əgər şəhər süqut edərsə, nigaran olmağa dəyməz, ehtiyatlı olun ki, imanınız süqut etməsin!”

Hüseyn ibn Əlilər başsız qalmalı, Şeyx Fəzlullahlar edam olunmalı, Nəvvab Səfəvilər terror olunmalı, Xomeynilər sürgün olunmalı, haqq yolunun yolçuları işkəncə və həbs olunmalıdırlar ki, İslam camiəsi oyansın, ayılsın, ayıq qalsın! (Mərhum Ayətullah Müctəba Tehraninin söhbətlərindən – Əsədullah Məhəmmədiniyanın “Mənziləti-imam Hüseyn (ə)” kitabından nəqlən!) --  Rza Şükürlü

HARAM TİKƏ, YƏNİ AŞURA FACİƏSİNİN TƏKRARINA HAZIRLIQ

Bənzər Olanlar