Paylaş
Facebook Twitter Google+

Musiqi haram deyil, haram olan musiqi var! ARAŞDIRMA Mahir Şəkərov

İstəyirik qısa şəkildə musiqi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirək. Bir çox musiqilər İslam şəriətinə əsasən haram sayılır. Həm onu ifa etmək, həm onu dinləmək və həm də o növ məclislərdə iştirak etmək haram sayılır.

Musiqi barədə əsasən, iki mövqenin şahidi oluruq. Bir dəstə istisnasız olaraq, bütün musiqilərin dini terminlə desək, “ğina” və “haram” olduğunu söyləyir və hər cür musiqini ifa etməyi, dinləməyi günah sayır. Digər bir dəstə bəzi müsiqilərin halal, bəzilərinin isə haram olduğunu söyləyir və bunlar arasında fərq qoyulmasının zəruriliyini vurğulayır.

 Etdiyimiz mütaliə və araşdırmaya əsasən, biz də musiqinin tamamən haram olmasını dəstəkləmirik. Biz demirik ki, musiqi tamamilə haramdır, biz əksinə deyirik ki; Haram olan musiqilər var. Başqa sözlə deyirik ki, o musiqilərdə ki, “ğina” var, onlar haramdır. Elə isə ilk öncə öyrənək görək, ğina nədir?

 
Ğina nədir?

Ğinanın nədən ibarət olduğu barədə dəqiq təsəvvür əldə etmək üçün əvvəlcə klassik lüğətlərdə bu sözə verilən mənalarla tanış olmaq lazımdır.


Lüğətlərə müraciət etdikdə “ğina” sözünün əsasən bir-birinə yaxın mənalar verdiyinin şahidi oluruq. Bütün mənaları nəzərdən keçirib bunu demək olar ki, “ğina” boğazda qaynadılan (zəngulə edilən) və insanı coşduran, səsi uzadılan, insanı yerindən oynadan, lori dildə desək sümüyünə düşən səsdir.” (Daha ətraflı bu lüğət və kitablara müraciət edə bilərsiniz: “Fəyyumi. “Əl-Misbahül-munir”, səh. 173, Firuzabadi də “əl-Qamusül-mühit” səh. 1319, İbn əl-Əsir “ən-Nihayə fi ğəribil-hədisi vəl-əsər” c. 3 səh. 391, Cövhəri “əs-Sihah” lüğəti c. 6. səh. 2449, Türeyhi - Məcməül-bəhreyn lüğəti c. 1, səh. 321)


Odur ki "ğina" sayılacaq musiqilər istisna olmaqla digər musiqilərdə xüsusi bir əngəl yoxdur. Musiqini tamamilə haram hesab edənlər unudurlar ki müqəddəs Qurani-Kərimin özü də bir avaz və musiqi üzərindədir. Gündə bir neçə dəfə müsəlmanları namaza çağıran əzan səsi və sair.  

Musiqinin filmlərdə aldığı yer də əvəzsizdir. Bir səhnənin tamaşaçıya lazımı formada çatdırmaqda musiqi bəzən əvəzsiz rola malik olur. Heç bir sözlə ifadə olunmayacaq hisləri musiqi çatdırır, izah edir.

Bu mövzuda bəzilərinin ifrat və təfritə yol verməsi zaman-zaman cəmiyyətdə problemlərə səbəb olur. Bu da cəmiyyətin tutumunu, inkişafının bir göstəricisi ola bilər. Necə ki bəzi alimlər musiqi haramdır sualına fərqli cavab verərək qarşısındakılara daha önəmli məsələlərlə məşğul olmağı anlatmağa çalışıb.

Böyük din alimlərindən olan Şeyx Hadi Nəcm Abadidən soruşdular: “İslamda haram musiqi var?”
Şeyx belə cavab verdi: “Varlı qonşunun evindəki plov qazanının dibinə sürtülən kəfgirdən çıxan və kasıb qonşunun ac uşaqlarının qulağına çatan səs haram musiqidir.”

Şeyxin bu cavabı ilə öz həyatımıza ayna tutaq və haram olan daha vacib haram musiqiləri həyatımızdan çıxaraq.İlahiyatçı: Mahir Şəkərov

Bənzər Olanlar