Paylaş
Facebook Twitter Google+

\"Ulul-Əmr\" ayəsində məqsəd kimlərdir?

Yusif Əliyev

2015-03-24 13:01:10 1308 Vilayət

"Nisa” surəsinin 59-cu ayəsində buyurulur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin.”

"Ümumi İmamət və vilayət” bəhsində bu ayənin mənası və "əmr sahibləri”nin kimlərə aid olması haqda geniş söz açdıq. Dediyimiz kimi, "əmr sahibləri”nə mütləq itaətin Allahın Rəsuluna (s) itaətlə bir qeyd edilməsinin səbəbi budur ki, "əmr sahibləri” Allahın Rəsulu (s) ilə bir səviyyədə olan kəslər, yəni o həzrətin məsum canişinləridir. Çünki məsumlardan başqalarına mütləq itaət düzgün deyildir.
"Əmr sahibləri” ilə əlaqədar deyilən bütün ehtimalları araşdırdıqda, görürük ki, onun məsum İmamlardan başqası haqda düzgün məfhumu yoxdur. Burada isə bizim məqsədimiz xüsusi vilayət və İmam Əlinin (ə) xilafətilə bağlı bu ayənin həzrətə tətbiqi və İslamın (xüsusilə, əhli-sünnənin) məşhur mənbələrində nəql olunan hədisləri araşdırmaqdır. Məşhur təfsirçi alim Hakim Həskani bu ayənin təfsirində beş hədis nəql etmişdir ki, onların hamısında "əmr sahibləri” ünvanı İmam Əliyə (ə) (xarici bir nümunə və fərd kimi) tətbiq olunmuşdur. Birinci hədis həzrətin özündən nəql edilir: "Peyğəmbər (s) "Mənim (ümmətə rəhbərlikdə) şəriklərim o kəslərdir ki, Allah-taala onları Özünə və mənə yaxın etmişdir” deyə buyurduğu zaman, "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin” ayəsi nazil oldu. Mən həzrətdən soruşdum: "Ya Peyğəmbər! Əmr sahibləri kimlərdir?” Həzrət buyurdu: "Sən onların birincisisən!”

İkinci hədis məşhur təfsirçi Mücahiddən nəql edilir: "Bu ayə Əmirəl-möminin Əli (ə) haqqında nazil olmuşdur. Bu o zaman idi ki, Peyğəmbər (s) ("Təbuk” müharibəsinə gedərkən,) Mədinədə onu öz yerinə canişin seçmişdi.
Üçüncü hədisi İmam Baqir (ə) və dördüncü hədisi Səd Vəqqasdan nəql edərək yazır: "Peyğəmbər (s) "Təbuk” müharibəsinə gedərkən (Mədinənin yaxınlığındakı) Curuf adlı məntəqəyə çatdı. Əli (ə) həzrətin arxasınca gedirdi və əlində silah yox idi. O, Peyğəmbərə (s) dedi: "Ey Allahın Rəsulu! Məni öz yerinə qoydun (məni özündən ayırdın), halbuki mən heç bir müharibədə səndən ayrılmamışam! Münafiqlər şayiə yayıblar ki, məni Mədinədə ona görə saxlamısan ki, yanında olmağımı istəmirsən!”

Səd deyir: "Öz qulağımla eşitdim ki, Allahın Rəsulu (s) buyurdu:  يا عَلِىّ اَلا تَرْضى اَنْ تَكُونَ مِنِّى بِمَنْزِلَةِ هارُونَ مِنْ مُوسى اِلاّ اَنَّهُ لا نَبِيَّ بَعْدِى فَارْجِع فَاخْلُفْنِى فِى اَهْلِى وَ اَهْلِكَ:
"Ya Əli! "Razı olmazsanmı ki, səninlə mənim nisbətim Harunla Musanın nisbəti kimi olsun? Bu fərqlə ki, məndən sonra bir peyğəmbər yoxdur. (Yəni sən də Harun kimi peyğəmbərlikdən başqa bütün məqamlara sahibsən!) Buna görə də geri qayıt, mənim və öz əhli-əyalın arasında canişinim ol (və Mədinəni münafiqlərin şərindən qoru)!”

Buna oxşar beşinci hədis yenə İmam Əlidən (ə) nəql edilmişdir "Şəvahidut-tənzil”, cild-1, səh-148-151".

Əbu Həyyan Əndəlusi Məğribi "Əl-bəhrul-muhit” təfsirində "əmr sahibləri” ilə bağlı (üç təfsir alimi) Müqatil, Məymun və Kəlbidən nəql edir ki, ondan məqsəd "səraya əmirləri”, yaxud Əhli-beyt İmamlarıdır. Sonra isə ayənin İmam Əli (ə) haqqında nazil olduğuna qarşı çıxaraq iki irad irəli sürür:
1. Əli (ə) bir nəfər olduğu halda, necə ola bilər ki, cəm formasında buyurulan "əmr sahibləri” ona aid olsun?

2. Ayənin zahiri camaatın əmr sahiblərinə itaətinin Peyğəmbəri-əkrəmin (s) həyatına aid olduğunu göstərir. Halbuki Əli (ə) o həzrətin həyatında İmam deyildi?
Bu kimi irad, yaxud bəhanələr eynilə "vilayət” ayəsinə də tutulmuşdu. Biz onların cavablarını açıqladıq. Dedik ki, tarixdə göstərildiyi kimi, insanlar həyatda öz yerlərinə vəsi və canişin təyin edir. Bunu kəlamlarında deyir və yazırlar ki, filankəs mənim vəsim və canişinimdir. O, bu işləri görməkdə ixtiyar sahibidir və s. Bu sözlərin mənası odur ki, onun vəfatından sonra vəsiyyətləri icra edilməlidir.
Ayədə işlənən cəm ifadələrə gəldikdə isə, onun da cavabı verildi. Belə ki, Qurani-kərimdə, eləcə də ərəb ədəbiyyatında cəm əvəzliyinin bir nəfərə şamil olma halları çoxdur. Bu ayədə də "əmr sahibləri” hər dövrdə bir İmama aid olsa da, həqiqətdə cəm şəklində bütün məsumlara şamil olunur. Hər bir dövrdə yalnız bir məsum yaşasa da, hamısı birlikdə bir qrupu təşkil edirlər. Bu iki iradın cavabını daha geniş şəkildə "vilayət” ayəsinin təfsirində bəyan etdik.
Diqqəti cəlb edən məsələ budur ki, Hakim Həskani "Şəvahidut-tənzil” kitabında, eləcə də digər alimlər bu ayənin nazil olma səbəbini açıqlayan müxtəlif rəvayətlər nəql edərkən demişlər ki, o, İmam Əlinin (ə) xilafətinə aiddir. O cümlədən, məşhur alim Əbu Bəkr ibn Mömin Şirazi "Etiqad” risaləsində (Kaşinin "Mənaqib” kitabına istinadən) İbn Abbasdan nəql edir ki, "ulil-əmr” ayəsi Əli (ə) haqqında nazil olmuşdur. Peyğəmbər (s) "Təbuk” müharibəsinə gedərkən, onu Mədinədə öz yerinə qoydu. Əli (ə) dedi: "Ey Allahın Rəsulu! Məni Mədinədə qadın və uşaqlarla birgə qoyub gedirsən?” Peyğəmbər (s) buyurdu: "Razı olmazsanmı ki, səninlə mənim nisbətim Harunla Musanın nisbəti kimi olsun? O zaman ki, Musa ona dedi: "Tayfamın arasında qal və onları islah et!” Sonra Allah-taala buyurdu: "Əmr sahibləri də sizdən olacaqlar!” "Ehqaqul-həqq”,
cild-3, səh. 425.
"Yənabiul-məvəddət” kitabının müəllifi Şeyx Süleyman Hənəfi Qunduzi özünün "Mənaqib” kitabında Süleym ibn Qeysdən belə nəql edir: "Bir gün bir kişi Əlinin (ə) hüzuruna gəlib soruşdu: "İnsanı möminlərin, yaxud kafirlər və azğınların sırasına qatan ən kiçik əməl hansıdır?” İmam (ə) buyurdu: "İnsanı azğınların dəstəsinə qatan ən kiçik əməl vilayəti vacib olan ilahi höccəti tanımamaqdır.” O kişi dedi: "Ya Əmirəl-möminin! Onları (ilahi höccətləri) mənə tanıtdır!” Əli (ə) buyurdu: "Allah-taala onları Özü və Peyğəmbərlə (s) birgə qərar verərək buyurmuşdur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! ("Yənabiul-məvəddət”, səh. 116. (İraqın "Darul-kutub” çapı.)-)”
Bu hədis çox aydın surətdə əmr sahiblərinin camaatın seçdiyi şəxslər deyil, ilahi höccət və nümayəndə olduqlarını göstərir.

"Burhan” təfsirində də bu ayə ilə bağlı Əhli-beytdən (ə) nəql olunan bir çox rəvayətlərdə deyilir ki, "ulil-əmr” ayəsi Əli (ə) və Əhli-beytdən olan digər İmamlar haqqında nazil olmuşdur. Hətta bu rəvayətlərin bir qismində Əhli-beyt İmamlarının adları bir-bir qeyd edilmişdir "Burhan” təfsiri, cild-1, səh. 381-387". Topladı: Höccətul İslam: Yusif Əliyev.

Mgeo.ge

Bənzər Olanlar