Paylaş
Facebook Twitter Google+

İran nə üçün ABŞ-ın hədələrinə ciddi yanaşmır?

Ramal Əmiraslanov

2016-09-18 18:46:43 2553 Vilayət
ABŞ MKİ-nin sabiq rəisi M. Hayden İsrailin İranla müqayisədə hərbi gücündən danışarkən deyib: İsrail İrana hətta havadan hücum etmək gücündə olmayıb və bundan sonra da olmayacaq...
 

 

Bu gün analitik mərkəzlərin, hərbi ekspertlərin, mətbuatın gündəmdə olan mövzularından biri ABŞ-la İranın hərbi gücünü müqayisə etməkdir. Doğrudanmı ABŞ ordusu İran ordusundan qat-qat güclüdür? Doğrudanmı Ağ Evin müharibə hədələri qeyri-ciddidir? Nə üçün İran rəsmiləri və İran xalqı bu hədələri zarafat kimi qəbul edir?


İrana hücum məsələsi son 30 ildə o qədər təkrarlanıb ki, kiməsə maraqlı görünmür. İranın hərbi potensialını yüksək dəyərləndirənlər arqument olaraq ABŞ-ın bu günə qədər İrana hücum etməməsini önə çəkir. Amma hamı bilir ki, dünyada ən gərgin münasibət ABŞ və müttəfiqləri ilə İran İslam Cümhuriyyəti arasında olan münasibətdir. Bununla belə Obamanın “bütün variantlar stol üzərindədir” hədələri İranda ən məşhur lətifələrdəndir. Sionistlər də İrana qarşı müharibəni tez-tez səsləndirirlər. Qərb siyasətçiləri və ekspertlər ABŞ və İsrailin İrana hücumla bağlı bəyanatlarını bir manevr olaraq qiymətləndirirlər. Ekspertlər qeyri-ciddi yanaşılan bu bəyanatların manevr olmasını mümkün müharibənin ağıla gəlməyən xərcləri və dağıdıcı təsirləri ilə əlaqələndirirlər. Bu müharibənin qeyri-mümkünlüyünü elə hamıdan çox müharibə bəyanatı verən Obama və Netanyahu başa düşür. ABŞ rəsmilərinin ardıcıl şəkildə sionist rejimə İrana hücumun dəhşətli nəticələri ilə bağlı xəbərdarlığı bir faktdır.


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəisi Maykl Hayden İsrailin İranla müqayisədə hərbi gücündən danışarkən deyib: “Düşünürəm ki, İsrail İrana hətta havadan hücum etmək gücündə olmayıb və bundan sonra da olmayacaq.” (1)
Oğul Buşun dövründə deyilmiş bu sözlər təsadüfi sayıla bilməz. Hayden tutduğu posta uyğun olaraq sionist rejimin hərbi gücündən tam məlumatlı idi. Ona görə də İsraili İrana qarşı hər hansı axmaq addımdan çəkindirirdi.
İrana hücum etmək gücündə olmayan təkcə İsraildirmi? Ekspertlər bu fikirdədir ki, İranla müharibənin maliyyə xərclərinin öhdəsindən ABŞ da gələ bilməz. Belə çıxır ki, dünyada İranla müharibə apara biləcək heç bir ölkə yoxdur.


Bu gün beynəlxalq müstəvidə ictimai fikir əhəmiyyətli rol oynayır. Dünyanın informasiya şəbəkələri ABŞ və müttəfiqlərinin əlində olduğundan onlar hər vəchlə İrandan qat-qat yuxarı hərbi gücə malik olduqlarını göstərmək istəyirlər. Amma Ağ Ev yaxşı bilir ki, müharibənin taleyini ictimai fikir yox, real hərbi potensial həll edir. Bu gün dünya ABŞ-ı hərbi baxımdan güclü saysa da İrana mümkün hücum reallığı ortaya qoyacaq. Bu halda Amerikanın beynəlxalq nüfuzuna zərbə dəyməsi qaçılmazdır. İctimai fikir formalaşdırmağa böyük xərclər qoyulsa da 30 il hədələrə baxmayaraq İrana hücumun baş tutmaması insanlarda belə bir əqidə yaradıb ki, belə bir müharibə bütün dünya üçün dağıdıcı təsirlərə malik ola bilər. ABŞ-ın İrana hücumu qarşısında ən böyük maneələrdən biri Amerika xalqının İranla müharibədə qələbəyə inanmamasıdır. Qərbin lider sorğu mərkəzləri öz hesabatlarında bildirir ki, Fələstinin işğal olunmuş ərazilərində məskunlaşan yəhudilər İsrail-İran müharibəsinin ən qatı əleyhdarlarıdır. Bu ərazidə yaşayanlar ehtimal olunan müharibədə ilk qurban kimi özlərini görürlər. ABŞ-ın Merilend universitetinin apardığı araşdırmalara əsasən İsrail əhalisinin yalnız 19%-i İranla müharibədə qələbəyə ümid edir. 34% bu müharibəyə tam müxalifdir, 42% ABŞ və müttəfiqlərinin koalisiyası tərkibində İranla müharibədə uğura inanır. Maraqlıdır ki, sorğuda iştirak edənlərin 30%-i müharibənin İranın hərbi təsisatlarına hər hansı dağıdıcı təsir göstərəcəyinə inanmır. (2)
Amerikada aparılan sorğular müharibə haqqında daha ciddi düşünməyə əsas verir. Amerikalılar bu əqidədədir ki, İsrail İrana qarşı bu axmaq addımı atarsa Amerika kənarda dayanmalıdır. (3)


Hazırda ABŞ ölkə daxilində və xaricdə öz hərbi üstünlüyü ilə bağlı ictimai fikir yaratmaq üçün böyük pullar xərcləyir. Amma bu fəaliyyətlərdən müsbət cavab alınmadığı üçün həmin xərcləri azaltmaq və ya ləğv etmək barədə müzakirələr genişlənir.
Obama hakimiyyətə gəldiyi zaman prioritet planları arasında İslam dünyası ilə münasibətlərin yaxşılaşdırılmasını qeyd etmişdi. (4) Bu istiqamətdə bəzi addımlar da atılmışdı. Obama Qahirədə 2009-cu il 4 iyun çıxışında bu məsələni xüsusi vurğulamışdı. Obamanın ilk bəyanatlarına baxdıqda İrana hər hansı müdaxilə vədlərin pozulması kimi dəyərləndirilə bilər. İslam dünyasında İranın yerini nəzərə alsaq bu ölkə ilə münasibətləri pozmaq İslam dünyası ilə münasibətləri pozmaq kimi qiymətləndirilə bilər.


ABŞ İrana təkbaşına hücum edərsə İslam dünyasında nüfuzuna ciddi zərbə dəyər. Bu həm də radikallığın güclənməsinə start verməkdir. Ağ Ev ictimai fikir və real güc nisbətini nəzərə alaraq İrana təkbaşına hərbi müdaxilə variantını birdəfəlik yaddan çıxarıb. ABŞ-ın İrana hücumu ərəb diktatorlarını razı salsa da, bu diktatorların İslam dünyasına təsir mexanizmi kiçikdir. Misir, Liviya, Yəmən, Tunis, Bəhreyn kimi ölkələrdə müsəlman xalqlar tam oyandığı zamanda diktatorların himayəsinə ümid bağlamaq axmaqlıq olardı.


İrana ehtimal olunan hərbi müdaxilənin hücum edən ölkələrə zərəri bütün sferaları əhatə edir.
ABŞ-ın İrana hücumunu mümkünsüz edən amillərdən biri bu ölkənin iqtisadi böhran yaşamasıdır. İraq və Əfqanıstan müharibələrinin ağır maliyyə xərcləri Amerika iqtisadiyyatını real olaraq çökdürüb. Obama son çıxışlarından birində Suriyaya hərbi müdaxiləyə qatılmamasının səbəbi olaraq ABŞ-ın ağır iqtisadi durumunu göstərib. (5) Suriya haqqında deyilən bu sözlər əslində Amerikanın istənilən bir müharibəyə hazır olmadığını göstərir. ABŞ ekspertləri heç bir ölkə yox, məhz İrana hücumun ABŞ iqtisadiyyatına son zərbə olacağı barədə xəbərdarlıq ediblər. Ekspertlər düşünür ki, İraq və Əfqanıstan müharibələri ABŞ-ı istənilən yeni müharibə imkanından məhrum edib.


NewYorkTimes-ın baş eksperti Tomas Fridman ötən il yazıb: “Biz artıq hər hansı böhrana qismən hərbi müdaxilə gücündə deyilik. Bəli, biz pul və silah verə bilərik. Amma ABŞ ordusunun bilavasitə əməliyyata qatılması mümkünsüz olub. Türkiyə kimi ölkələr yalnız bizim himayəmizə ümid edə bilər. Amerika artıq öz daxili problemlərini həll etmək mərhələsinə qədəm qoyub. Daxili böhranlarımızın həlli Yaxın Şərq probleminin həllindən daha mühümdür. Artıq Amerika xalqı ABŞ ordusunun xaricdə müharibə aparmasına etiraz edir. Biz İraqda qumbaranın zaminini çəkib özümüzü onun üstünə yıxdıq. İraq müharibəsi ABŞ-a ağır zərbə oldu. Artıq heç kim ABŞ-ın Suriyaya müdaxiləsi barədə düşünmür. Biz sadəcə Suriya probleminin həllində Türkiyədən kömək istəyirik.”


İrana qarşı hərbi müdaxilə bəyanatı verilən kimi İran Hörmüz boğazını qapayacağını bildirir. Bu gün bu boğaz neft nəqli və başqa sahələrdə ticarət üçün həyati əhəmiyyət daşıyır. Bundan əlavə İran regiondakı neftayırma zavodları, bütün neft təsisatlarını asanlıqla vura bilər. Bunun ardınca neftin qiyməti ağıla gəlməyən həddə bahalaşar. Təbii ki, neftin bahalaşması ilə dünya iqtisadiyyatı böhran keçirər. Hörmüz boğazının bağlanması, enerji ötürülməsi xətlərinin qapanması ekspertlərin bildirdiyi kimi əsil faciəyə çevrilə bilər. (6)


Müharibənin əsas maneələrindən biri hərbi əməliyyatların ağıla gəlməyən xəsarətləridir. İran İslam Cümhuriyyətinin ətrafında ABŞ-ın çoxsaylı bazaları yerləşir. Ağ Ev əmindir ki, İrana hücum olarsa İran ətrafındakı və Fars Körfəzi haşiyəsindəki bütün bazaları hədəfə alacaq. ABŞ-ı qorxuya salan səbəblərdən biri Fars Körfəzindəki ABŞ donanmasıdır. Bu gün İran müasir göstəricilərə malik hərbi donanma mərmilərinə malikdir. Qərb hərbi ekspertləri hətta Hind okeanı, Qara dənizdə mövqe tutmuş ABŞ gəmilərinin asanlıqla vurulacağını proqnozlaşdırır. Belə bir vəziyyətdə Küveyt, BƏƏ, Bəhreyndəki ABŞ bazalarının hədəfə alınacağına şübhə qalmır.


İranın hərbi potensialında Hərbi Dəniz Qüvvələrinin payı xüsusi əhəmiyyət kəsb edir. Bu donanma elə sürətli hərbi katerlərlə təchiz olunub ki, Fars Körfəzindəki ABŞ gəmilərini darmadağın etmək çətin görünmür. Bu sürətli katerlər böyük gəmilər üçün ciddi təhlükə sayılır. İran həm də raket kompleksləri ilə ABŞ gəmilərini qurudan hədəfə ala bilər. İranın Zülfüqar, Sirac-1 hərbi katerləri dağıdıcı raketlərlə təchiz olunub.
Qərb ekspertləri bildirir ki, ABŞ və İsraili İrana hücum fikrindən daşındıran əsas amillərdən biri İsrailin birbaşa İran raketlərinin hədəfində olmasıdır. ABŞ ün ən önəmli məsələlərdən biri İsraildə asayişi qorumaqdır. İran raketləri işğalçı rejimin asayişinə son qoya bilər. Şəhab-3, Qədr-1 raketləri 1600 km-dəki hədəfi vurur. Siccil-2 raketi bütün İsrail ərazisini əhatə edir. (7) İranın İsraili darmadağın etmək üçün variantları çoxdur.


İsrailin RƏM sistemlərinin yaradıcısı Yuzi Rubin bildirir ki, İran təkcə öz ərazisindən yox, Livan, Suriya və Qəzzədən gözlənilməz hava hücumları həyata keçirə bilər. Mütəxəssis bu fikirdədir ki, İsraildə İran raketlərinin vura bilməyəcəyi bircə nöqtə də yoxdur.
İran Səudiyyə Ərəbistanı, İraq, Əfqanıstan, Türkiyədəki ABŞ bazalarını daim hədəfdə saxlayır.


ABŞ və İsrail üçün İran müharibəsini mümkünsüz edən səbəblərdən biri İranın Hizbullah və HƏMAS kimi hərbi təşkilatları müharibəyə cəlb etməsi ehtimalıdır. İsrail mənbələri yazır ki, Hizbullahın hazırkı hərbi gücü 33 günlük müharibə ilə müqayisədə qat-qat artıb. HƏMAS və İslami Cihad Hərəkatı lazım gələn anda İsrail üçün ağlagəlməyən problemlər yarada bilər. Sionist mənbələr yazır ki, Suriya böhranından sonra HƏMAS-la Tehran arasında münasibətlər soyuyub və müharibə baş verərsə İslami Cihad Hərəkatı HƏMAS üçün nəzərdə tutulmuş əməliyyatları yerinə yetirəcək.
Qərb mənbələri bildirir ki, Hizbullah daha böyük potensiala malikdir. Bu təşkilat ABŞ və müttəfiqlərinin dünya boyu mənafelərinə zərbə vura bilər. (8) Vilson mərkəzinin hesabatında bildirilir ki, hazırda Hizbullahdan əlavə İraq və Əfqanıstanda eyni təyinatlı qruplaşmalar var, eləcə də SEPAH-ın Qüds Qüvvələri ABŞ-ın ağlına gəlməyən sürprizlər hazırlaya bilər.
Son Qəzzə müharibəsində kimsəyə sirr deyil ki, Müqavimət Hərəkatı İran tərəfindən himayə olunurdu. Tel-Əvivə çatan Fəcr raketlərini Müqavimətin ixtiyarında qoyan da İran idi. Müqavimət Hərəkatı hazırda Səyyad raketlərinə də malikdir. Müqavimət məhz bu silahlar hesabına Tel-Əvivi geri çəkilməyə məcbur etdi.


Dünyada qüvvələr nisbəti dəyişdiyindən artıq İran Müqaviməti silahlandırdığını açıq elan edir. Hətta Qərb Sahilinin silahlandırılması cənab rəhbər Ayətullah Xamenei tərəfindən vəzifə olaraq qarşıya qoyulub.
İran hərbi qüvvələrinin ixtiyarında olan ssenarilərdən biri klassik müharibə ənənələrini itirmiş ABŞ ordusunun təhlükəsizlik və müdafiə sisteminə lokal zərbələr endirməkdir. Klassik müharibə taktikasında cəbhə xətti müəyyən deyil və arxadan da zərbə gözlənilir. Bu o demək deyil ki, İran açıq savaş taktikasından çəkinəcək. Raket sənayesi dünyada liderlik iddiasında olan Tehranın açıq müharibədən çəkinməsini gözləmək səhv olardı. Sadəcə Tehran müasir əməliyyatlar haşiyəsində klassik əməliyyatlardan imtina etməyəcək. Əlbəttə ki, dünya imperializminin ağıla gəlməyən imkanları qarşısında çaşdırıcı taktikalar İran üçün zəruridir. Buna görə də İran öz hərbi doktrinasını ilkin olaraq ABŞ bazalarını vurmaq üzərində qurub. Bu doktrinada 3 istiqamət diqqəti cəlb edir:


  • Müasir ABŞ texnologiyasını sıradan çıxaracaq xüsusi təchizatlar istehsalı
    - Hizbullah kimi fəal hərbi qruplaşmaların artırılması
    - Fars Körfəzində ABŞ-ın mənafeyinə xidmət edən təsisatların dağıdılması
    Bu məqsədlə İran hərbi sənayesi sahil-dəniz raketləri, sürətli hərbi katerlər, pilotsuz təyyarələr, uçan qayıqlar, suda və quruda hərəkət edən texnikaların istehsalına üstünlük verir. Bütün bu texnikalar lokal əməliyyatlar üçün nəzərdə tutulub. İran hətta sadə hərbi təlimləri qeyri-bərabər döyüş taktikasına hazırlayır.

  • Bu gün ABŞ və İsraildə İranla müharibənin mümkün nəticələrini araşdıran xüsusi mərkəzlər işləyir. Bu mərkəzlər öz hesabatlarında birmənalı olaraq İranla müharibənin böyük maliyyə xərcləri tələb etdiyini bildirir. İctimai fikri dəyişmək üçün böyük pullar xərcləyən Ağ Ev Nəzarətdə saxladığı bu sahədə də uğur qazana bilməyib. İrana qarşı müharibə hədələrinin ötən 30 ildə reallaşmaması göründüyü kimi ciddi səbəblərlə bağlıdır.

1.http://thecable.foreignpolicy.com/posts//bush_s_cia_director_we_determined_attacking_iran_was_a_bad_idea...

2. http://sadat.umd.edu/...

3. http://www.worldpublicopinion.org/pipa/articles/brunitedstatescanadara...

4. http://www.reuters.com/article//us-column-twenty-reasons-iran-id...

5. http://www.nytimes.com//us/politics/transcript-of-president-obamas-commencement-address-at-west-point.html?_...

6. http://www.reuters.com/article//us-column-twenty-reasons-iran-...

7. http://www.bbc.com/news/world-middle-east...

8. http://smallwarsjournal.com/jrnl/art/irans-response-to-a-us-attack.../Vilayet.nur-az.

Mgeo.ge

Bənzər Olanlar