Paylaş
Facebook Twitter Google+

Marneulidə Gürcüstan parlamentinin regional siyasət və idarəetmə komitəsinin iclası keçirilib

Muslims in Georgia

2017-06-10 21:04:55 4845 Xəbər

“Azərbaycanlılar parlament seçkilərində bizi dəstəkləmişdilər və öz səslərini bizə vermişdilər. Biz də indi onları dəstəkləyəcək və problemlərin həllinə çalışacağıq.”

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan Parlamentinin Regional Siyasət və İdarəetmə Komitəsinin sədri Qriqol Liluaşvili komitənin Marneulidə keçirilən iclası başlamamışdan öncə bildirib.

 

Sonra Marneulidə Gürcüstan parlamentinin regional siyasət və idarəetmə komitəsinin iclası keçirilib. Tədbiri Gürcüstan Parlamentinin Regional Siyasət və İdarəetmə Komitəsinin sədri Qriqol Liluaşvili açaraq komitə iclasının azərbaycanlıların kompakt yaşadığı bölgədə keçirilməsini vacib hesab etdiyini bildirib. O,  bir sıra layihələr haqqında, eyni zamanda “Yol haqqında” qanun layihəsinə ediləcək dəyişikliklər haqqında fikirlərini bildirib.

 

Sonra tədbirdə Gürcüstanın yol departamentinin rəhbəri Giorgi Situridze, Gürcüstan infrastruktur nazirliyinin departament rəisi Mindia Qlonti, parlamentin azərbaycanlı deputatları Savalan Mirzəyev, Ruslan Hacıyev, Qoqi Mşveliani, Kvemo Kartli bölgə qubernatoru Qriqol Nemsadze, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili və başqaları çıxış edərək Kvemo Kartli bölgəsində yaşayan əhalinin problemləri haqqında fikir və təkliflərini bildiriblər.

 

Gürcüstan infrastruktur nazirliyinin departament rəisi Mindia Qlonti son illər bölgədə həyata keçirilən infrastruktur layihələrinin yerinə yetirilməsi barədə ətraflı məlumatla çıxış edib və bölgə əhalisini narahat edən problemlərin həlli barədə vəsait ayrılacağını vurğulayıb. M. Qlonti bölgənin inkişafı üçün 2017-ci ildə həyata keçirilən layihələrə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitləri haqqında məlumat verib və sualları cavablandırıb.

 

İclasda Qardabanidən parlamentə mojaritar deputat seçilən Savalan Mirzəyev seçicilərini narahat edən problemlər barədə komitə üzvlərinə ətraflı məlumat verib. Deputat azərbaycanlıların kompakt yaşadığı Qardabanidə uzun illərdir ki, torpaq problemi olduğunu, Qardabani şəhərində kanalizasiya sisteminin yarıtmazlığı və bərpaya ciddi ehtiyac olduğunu bildirib. Parlament deputatı Ruslan Hacıyev isə Marneulinin azərbaycanlıların kompakt yaşadığı Alget, Təzəkənd və Əzizkənd kəndlərində içməli və suvarma suyun çatışmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.İclasda Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili 2013-2016-cı illərdə Marneulidə həyata keçirilən layihələr haqqında məlumat verib, gələcək planlar haqqında danışıb. Parlamentin komitə iclasından sonra komitə sədri və üzvlər Marneuli rayon icra hakimiyyətinin iclas salonunda əhali ilə görüşərək, onların mövcud problemlərini dinləyiblər. Komitə sədri Q. Liluaşvili çıxışında bölgə əhalisini, fermerləri narahat edən problemlərin həllinə çalışacağını qeyd edib.

 

Gürcüstan Parlamentinin Regional Siyasət və İdarəetmə Komitəsinin sədri Qriqol Liluaşvili APA-ya açıqlamasında Marneulidə keçirilən görüşü parlamentin Qardabani və Marneulidən olan gürcü və azərbaycanlı mojaritar deputatların xahişi və təşkilatçılığı ilə baş tutduğunu bildirib: “Bu, komitənin bölgədə keçirilən ilk iclasıdır. Düşünürəm ki, biz belə məzmunlu iclasları digər rayonlarda da keçirəcəyik. Biz əhalinin problemləri ilə tanış olmağa gəlmişik və bu problemləri onların öz dilindən eşitdik və rayon rəhbərləri, mojaritar deputatlar da problemlər və çatışmazlıqlar haqqında bizə ətraflı məlumatlar verdilər. Mən çox şadam ki, bu rayonda yaşayan azərbaycanlılarla tanış oldum və onları dinlədim. Onlar parlament seçkilərində bizi dəstəkləmişdilər və öz səslərini bizə vermişdilər. Biz də indi onları dəstəkləyəcək və problemlərin həllinə çalışacağıq”.

Bənzər Olanlar