Paylaş
Facebook Twitter Google+

İbadətlərin qəbul olunmasının etiqadi və əxlaqi şərtləri

Yusif Əliyev

2015-03-15 17:38:08 2373 Xəbər

İbadətin düzgünlük şərtlərindən əlavə qəbul və kamillik şərtləri də var. Bu şərtlər yerinə yetirildikdə insan Allaha yaxınlaşır və mənəvi kamilliyə çatır. Şərtlərin yerinə yetirilməsi fərd və cəmiyyət üçün də təsirlidir. Bəzən düzgün ibadət inkişafa səbəb olmur. Necə ki, bə’zən dərman şəfa vermir.
Bəzən ibadət əzabın qarşısını alır, lakin bizi Allahın sevimlisi etmir. Ayə və rəvayətlərdə əməllər və ibadətlərin qəbul olması üçün bəzi şərtlər göstərilmişdir

Bu şərtlərə izah verməzdən öncə tə’kid olunur ki, insan daha çox mənəvi fayda əldə etmək üçün ibadətin qəbul olma məsələsinə xüsusi diqqət göstərməlidir. Həzrət Əli (ə) buyurur: “Əməldən daha çox onun qəbul olunmasına diqqət göstərilməlidir.” “Bihar
/71-ci csəh:173

İnsan giriş vəsiqəsi əldə edib, göstərilmiş qaydalara əməl edərək kiminləsə görüşə gedə bilər. Lakin görüş zamanı pis əxlaq, pis keçmiş və sair səbəblərə görə geri qaytarılar. İbadətin də ilahi göstərişlərə uyğun yerinə yetirilib, lakin Allah tərəfindən qəbul olunmaması mümkündür. Necə ki, bə’zən düzgün işlər görən qeyri-məs’ul şəxslər təşəkkür yox, tənqid olunur. Demək, işin qəbul olma şərti ayrıdır. İndi isə bu şərtləri bəyan edək:

1. Etiqadi şərt: Allaha iman
İmansızlıq əməllərin puç olma səbəbidir: “İmanı dananın bütün işləri puç olar.” “Maidə/5” Allaha və məada iman gətirən şəxslər Allahın məscidlərini abad edirlər: “Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirənlər abad edə bilərlər.” “Tövbə/18”
İmanlı qadın və kişilərin yaxşı əməlləri pak həyat səbəbidir: “Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə onlara daha yaxşı mükafat verəcəyik.” “Nəhl/97”
Allahı tanımayan şəxs Ona xatir heç bir iş görmədiyindən mükafat gözləyə bilməz. Qur’ani-kərim kafirlərin əməllərini tufan qarşısında dayanmış külə bənzədir. Tufan qoparkən küldən əsər-əlamət qalmır.

2. Siyasi şərt: Vilayət
Cəmiyyətin rəhbərliyi maşının sürücüsü kimidir. Bütün sərnişinlər ayıq-sayıq və ədəbli olsalar belə, sərxoş sürücü və ya pis yol süquta səbəb olacaq. Lakin sürücü sağlam və təcrübəli olarsa, yorğun və intizamsız sərnişinlər sağ-salamat məqsədə çatacaqlar.
İmam Baqir (ə) buyurur: “Allaha iman gətirib, taqətdən düşənədək ibadət edən şəxsin Allah tərəfindən ləyaqətli rəhbəri olmazsa, onun sə’yləri faydasızdır.” “Vəsail, 1-ci c. səh:90”
Əgər səmavi rəhbər olsaydı, Allaha pərəstiş bütpərəstliyə çevrilməz və səmavi qanunlar xürafatla əvəz olunmazdı. Əzəmətli cümə namazları zalımlara xeyir verməz, müsəlmanların və İslamın izzəti sayılan həcc tə’sirli olar, qeyri-İslam hakimlərinə gəlir gətirməzdi.
Hədisdə deyilir: “Hər kəs bizim vilayət və rəhbərliyimizi qəbul etməsə, Allah da onun əməllərini qəbul etməz.” “Kafi/1-ci c. səh: 430.
Həzrət Əli (ə) buyurur: “Biz Allahın qapısıyıq və Allahın yolu bizimlə tanınır.” “Kafi/1-ci cild, səh:145-195” Demək, ibadətin qəbul olması üçün vilayət şərtdir. Lakin vilayətlə yanaşı təqva da olmalıdır. İmam Baqir (ə) buyurur: “Təqvası olmayan şəxslər bizim hakimiyyət xəttində deyil.” “Bihar/71-ci c. səh.187”

3. Əxlaqi şərt: Təqva
Qur’anda Adəm (ə) övladlarının macərası nəql olunur. Onların hər ikisi qurban verdilər. Lakin birinin qurbanı qəbul oldu, o birininki isə qəbul olmadı. Allah-təala buyurur: “Allah yalnız təqvalılardan qəbul edir.” “Maidə/27”
Nəql olunur ki, bir şəxs bazardan keçərkən bir dükandan iki çörək, o biri dükandan iki nar oğurladı. Sonra çörək və narı fəqirə verdi. Ona dedilər: “Bu nə işdir?” 
Dedi: “Allah hər günaha bir cəza, lakin hər savaba on qat mükafat verir. Mən iki nar, iki çörəklə dörd günah etdim, lakin onları fəqirə verib qırx savab qazandım. Qırx savabdan dörd günah çıxılanda otuz altı savab qalır.” Ona dedilər: “On qat mükafat təqva əsasında iş görənlərə verilir. Qəsb olunmuş maldan infaq etməyin mükafatı yoxdur. Yoxsa, oxumamısan ki, “Allah yalnız təqvalılardan qəbul edir.” “Maidə/27”

4. İqtisadi şərt: Xalqın haqqını ödəmək
Ehtiyaclılara əl tutmaq, məzlumların haqqını ödəmək o qədər əhəmiyyətlidir ki, bəzən ibadətin qəbul olması üçün şərt sayılır. Zəkat ödəmək və ya halal qazanmaq bu növ nümunələrdəndir. İmam Riza (ə) buyurur: “Zəkat (İslam vergisi) ödəməyən şəxsin namazı qəbul olmaz.” “Bihar/96-cı c. səh:12”
Başqa bir hədisdə həzrət Əli (ə) Kumeylə buyurur: “Halal yolla qazanc əldə etməsən, Allah-təala zikr və şükrünü qəbul etməz.” “Səfinətul-bihar”

5. İctimai şərt: Xeyirxahlıq
İctimai əlaqələr, müsəlmanlar arasında qardaşlığın qorunması və İslam ardıcılları arasında yaxşı əlaqələr yaratmaq çox əhəmiyyətlidir. Buna görə yaxşı əlaqələrin pozulmasına səbəb olan hər bir əməl və söz pislənilir. “Qeybət”, “sui-zənn”, bədxahlıq, əlaqələri kəsmək, pis xasiyyət və sair bu kimi sifətlər və əməllər ibadətin qəbul olmamasına səbəb olur.
Allahın rəsulu (s) buyurur: “Hər kəs müsəlman qadın və kişinin qeybətini edərsə, onun tərəfindən bağışlananadək 40 gün namaz və orucu qəbul olunmaz.” “Camius-səadət/2-ci cild, səh:234) “Ey Əbuzər! Din qardaşlarından uzaqlaşıb, əlaqələri kəsmə. Çünki bu işləri görən insanların əməlləri qəbul olunmaz.” “Məkarimul-əxlaq. səh.554”.
İmam Sadiq (ə) buyurur: “Allah din qardaşına qarşı pis niyyəti olan möminin əməlini qəbul etməz.” “Üsuli-kafi/2-ci c. səh:361” “Sirkə balı məhv edən kimi, xalqla pis rəftar da əməlləri məhv edir.” “Üsuli-kafi/ 2-ci cild, səh: 321”
Beləliklə, insanlar haqqında pis niyyət, dostluğun tərki, qeybət, müsəlmanların ictimai əlaqələrinin süstləşməsinə səbəb olan bu kimi əməllər ibadətin qəbul olmasına maneçilik yaradır. İbadətkar insanlar ibadətlərinin qəbul olması üçün Allah bəndələri ilə möhkəm dini əlaqələr yaratmalıdırlar.

6. Ailə şərti: Xoş rəftar
Müqəddəs İslam dini ibadət, siyasət, əxlaq və cəmiyyət arasında müsbət rabitələr yaratmışdır. Ailə daxilində qadın və kişinin bərabər hüquqlarının qorunması ibadətlərin qəbuluna maneə hesab olunur. Yer əlaqələrinin kəsilməsi səmavi əlaqələrin kəsilməsi ilə nəticələnir. Bu barədə İslam Peyğəmbəri (s) buyurur: “Allah pis rəftarlı, əziyyət verən qadının namazını və yaxşı işlərini qəbul etməz. Həmçinin kişinin!” “Vəsail/14-cü cild, səh:116” Təkcə qadının kişi ilə pis rəftarı və ya kişinin qadınla pis rəftarı yox, hətta ata-anaya qəzəbli baxış ibadətin qəbuluna mane olur. İmam Sadiq (ə) buyurur: “Hətta övladına zülm etmiş ata-anaya qəzəblə baxan övladların namazı qəbul olmur.” “Üsuli-kafi/2-ci cild, səh:349” Bəli, yerə möhkəm dayanmış namaz nərdivanı ilə me’raca qalxırıq. Lakin buz bağlamış və ya yumşaq yerə dayanmış nərdivanla yuxarı qalxmaq çətin, yaxud qeyri-mümkündür. İctimai əlaqələr, gözəl rəftarla yanaşı ibadət sayəsində mə’nəvi kamillik əldə olunur. İbadətin qəbul olmasına mane olan başqa işlər də rəvayətlərdə bəyan olunmuşdur. Məsələn, şərab içmək və sair. Əlbəttə, əgər Allah qəbul etmirsə də, namaz və orucdan uzaqlaşmaq düzgün deyil. Rəvayətlərin məqsədi ibadət edən şəxsin pis rəftarına xatir onun əməllərinin az dəyərli və zəif olmasını göstərməkdir.

Hazırladı: Hoccətul İslam: Yusif Əliyev.

Mgeo.ge

Bənzər Olanlar