Paylaş
Facebook Twitter Google+

Taleh Bağırzadə: Dövləti çevirən İlham Əliyevin özüdür (yenilənib)

Muslims in Georgia

2017-01-10 14:00:55 502 Xəbərlər

Vəkil Yalçın İmanov məhkəmə istintaqının təzələnməsini istəyib

Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə və digərlərinin növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda vəkil Yalçın İmanov vəsatətlə çıxış edib. O, məhkəmə istintaqının təzələnməsini istəyib. Bildirib ki, prokuror çıxışı zamanı məhkəmədə araşdırılmamış sübutlara istinad edib. Taleh Bağlrzadə isə çıxış edərək bildirib ki, prokuror ona məxsus olduğu kitabçaya istinad edib, lakin həmin kitabça araşdırılmayıb:

"Orada İlham Əliyev haqqında fikirlər var. Onlar da polislər tərəfindən yazılıb. Prokuror deyir ki, güya dövlət əleyhinə çıxışlar etmişəm. Lakin mənim çıxışlarım göz önündədir. Belə çıxışım olmayıb. Prokurorun çıxışı da qondarmadır. Məhkəmə Ramil Usubovun nəzarəti ilə keçirildi. Bilirəm ki, məhkəmə İlham Əliyevin nəzarətindədir. Sonda ona ürək sözüm olacaq". İclasda Fuad Qəhrəmanlı da çıxış edib. Bildirib ki, şahidlərin ifadəsi ilə istintaq ifşa olundu:

"Buna görə də məhkəmə tələsik yekunlaşdı. İttiham saxtalaşdırılıb. Məhkəmə ilə sübut olundu ki, hakimiyyət bizə qarşı qərəzlidir. Gözəl bilirsiniz ki, bizim təqsirimizi sübuta yetirən nəsə yoxdur".

Daha sonra Ramin Yarıyevin vəkili Gülşən Salmanova çıxış edib. O, müdafiə etdiyi şəxsə prokurorun maksimum cəza istədiyini deyib:

"Nəyə görə 18 yaşı olmayan, günahı sübuta yetirilməyən şəxsə maksimum cəza istənilməlidi? Bunların burada oturmasının səbəbkarı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yarıtmaz əməliyyatıdır. Əməliyyat videosunu da ortaya çıxarmadılar. Bildilər ki, əgər həmin video ortalığa çıxarılsa, özləri burada oturacaqlar. Sonra da Avropa Məhkəməsi Azərbaycan əleyhinə qərar çıxardanda deyirlər, niyə belə qərar oldu. Buna özləri zəmin yaradırlar. Xahiş edirəm, bəraət hökmü çıxardasınız".

Daha sonra Cabbar Cabbarov və Taleh Bağırzadənin vəkili Elçin Sadıqov çıxış edib. O, müdafiə etdiyi şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını, təqsirləndirilən şəxslərə işgəncə verən, prosesin keçirilməsinə maneçilik törədən polis əməkdaşlarının barələrində xüsusi qərar çıxarılmasını istəyib. İclasda Taleh Bağırzadə də çıxış edib. O deyib ki, 11 il ərzində MTN generalları xalqı və dövləti zorlayıblar:

"Ancaq onlara bizim kimi ağır maddələr verilməyib. İstəyirəm sözümü İlham Əliyev eşitsin. Dövləti çevirən İlham Əliyevin özüdür".
Hakim isə onun sözünü kəsib. İclasda Zakir Mustafayevin vəkili Əbil Bayramov da çıxış edib. Bildirib ki, məhkəmənin ədalətli hökm çıxarmasına ümid edir:

"Məhkəmədə sübut edildi ki, Zakir Mustafayev günahsızdır" .

İclas günün ikinici yarsında davam edib.

Proses Fuad Qəhrəmanlının vəkili Nemət Kərimlinin çıxışı ilə davam etdirilib. Vəkil bildirib ki, məhkəmə kobud qanun pozuntuları ilə keçib:

"Prokuror deyir, ittiham sübut edilib. Lakin mən 6 nəfərin kim tərəfindən öldürüldüyünü bilmədim. Daxili İşlər Nazirliyinin məlumatında 4 nəfərin məhv edildiyi, iki nəfərin həlak olduğu yazılıb. Bu, artıq qərəzli olduqlarını göstərir. Fuad Qəhrəmanlı "Facebook"da yazdıqlarına görə ittiham edilib. İttiham fərziyyədən ibarətdir". O, bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra vəkil Zibeydə Sadıqova çıxış edib. O, ədalətin bəraqərar olacağına ümid etdiyini deyib:

"Taleh Bağırzadə hakmiyyəti tənqid etdiyi üçün həbs edilib".

O da Şamil Abduləliyevin barəsində bəraət hökmümün çıxarılmasını istəyib.

"Polisləri öldürən Ramil Usubovdur"

İclasda çıxış edən Taleh Bağırzadə deyib:

"Hakimiyyət demokratikləşməyə məcburdur, yoxsa xalq inqilab edəcək. Əgər diktator kimi xalqın üstünə gəlsələr, xalq qalibdir. Bu hakimiyyət çox fırıldaqla məşğuldur. Mən "Bandotdel"də bunların iç üzünü gördüm. Orada xahiş edirdim məni toka versinlər, şəxsiyyəti alçaldan hərəkət etməsinlər. Bunlar quldur dəstəsidir. Əgər seçki olsa, seçkini yenidən saxtalaşdıracaqlar. Biz layiqli rəhbər istəyirik. Şəxsən mən xəcalət çəkirəm bu rəhbərə görə. Belə rəhbəri qəbul etmirəm. Hakimiyyət bu problemlərə hamilə idi. Polislərin əməliyyat zamanı öldürülməsi biabırçılıqdı. Onların qohumları ona görə prosesə gəlmədilər ki, bilirlər, bizim günahımız yoxdur. Polisləri öldürən Ramil Usubovdur".

"Bu, Azərbaycan xalqı ilə hesab çəkməkdir"

Daha sonra vəkil Yalçın İmanov çıxış edib:

"Bu proses çox ciddi qanun pozuntuları və maraqlı məqamlarla yadda qaldı. Azərbaycan xalqı bədheybət qurum olan "Bandotdel"in varlığından xəbər tutdu. Bu qurum fiziki və psixoloji təzyiqlərlə məşğul olub. Bu işdə çoxlu qanun pozuntuları var. Bu cür cinayət işi iflasa məhkumdur. Heç biri sualları cavablandıra bilmədi. Rəfail Bünyadovla bağlı çoxlu ekspert rəyi var. Onu öldürəndən sonra ürəkləri soyumayıb, ləyaqətsiz hərəkətlər ediblər. Ölən Fərayılın da sifəti işgəncə izləri ilə dolu idi. Əslində bu Azərbaycan xalqı ilə hesab çəkməkdir və xalqa olan nifrətdir. Taleh Bağırzadə 2012-ci ildən hakimiyyəti tənqid etməyə başlayıb. Bundan sonra təqib olunub. Təqsirləndirilənlərin heç birinin əməlində cinayət təqibi yoxdur". O, Fuad Qəhrəmanlı və digərləri barəsində bəraət hökmünün çıxarılmasını, 6 nəfərin öldürülməsi ilə bağlı cinayət təqibinin davam etdirilməsini, Kərim Əlimərdanov, İslam Ağabəyov və digərləri barəsində, DİN mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov barəsində xüsusi qərar çıxarılmasını istəyib.

Proses yanvarın 11-də davam edəcək.

Əvvəlki prosesdə dövlət ittihamçısı Nəsir Bayramov Taleh Bağırzadənin ömürlük, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının isə 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Prokuror həmçinin Abbas Hüseynovun 20, Cabbar Cabbarovun 19, Rasim Cəbrayılovun 17, Ramin Yarıyevin 10, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib.

O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Bənzər Olanlar